QHT cəzaçəkmə müəssisəsində sonuncu maarifləndirmə tədbirini keçirib

0
80

30 iyul 2019-cu il tarixində İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi yeniyetmələr üçün tərbiyə müəssisəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində son tədbirini keçirdi.Bu barədə snt.az-a İctimai Birlikdən məlumat verilib.

Tədbiri giriş sözləri ilə açan Penitensiar xidmətin yeniyetmələr üçün tərbiyə müəssisəsinin rəisinin tərbiyə işləri üzrə müavini ədliyyə kapitanı Elçin Orucov  “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin müəssisəyə gəlişinin məqsədi və təşkilatın maarifləndirmə təşəbbüslərinin əhəmiyyəti barədə danışıb.

Daha sonra çıxış edən təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva ilk öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyinə və tibbi mövzunun aktuallığını dəstəkləyən Tibb Baş İdarəsinin rəhbərliyinə öz minnətdarlığını bildirib. Təşkilatın fəaliyyəti haqqında məlumat verdikdən sonra,  layihənin mövzusu ilə bağlı çıxışını davam etdirərək Ziba Nəbiyeva qeyd edib ki, bir çox yoluxucu xəstəliklər var ki, onlar haqqında kifayət qədər məlumatlı olmaq vacibdır: “Məsələn, viruslu hepatitlər əsasən də Hepatit B və D, həmçinin Hepatit C təhlükəli yoluxucu xəstəliklər sayılır. Təhlükə mənbəyi, əksər hallarda xəstəliyin xroniki formasının uzun illər simptomsuz formada və ya zəif simptomlarla keçməsidir. Bu da xəstəliyin nəzarət altında saxlanılması imkanlarını məhdudlaşdırır. Zamanında aşkarlanmayan və müalicə olunmadıqda inkişaf edən xroniki HBV, HDV və HCV qaraciyər sirrozu və xərçənginin yaranmasına səbəb ola bilir.

BMT-nin Dayanıqlı İnkişaf  Məqsədləri Gündəliyində (məqsəd 3.3) hepatit virusunun erkən müayinə və müalicəsi həllini gözləyən məsələlər sırasında xüsusilə qeyd olunub.

Respublikamızda 2001-ci ildən etibarən yeni doğulan körpələr Hepatit B virusu (HBV) əleyhinə peyvənd olunurlar. Vurulan peyvənd körpəni Hepatit B, həm də Hepatit D virusuna (HDV) yoluxmadan qoruyur. Orqanizmin fərdiliyindən asılı olaraq peyvənd qoruyuculuğunu 6-12 il müddətində saxlayır.

Bu baxımdan 11-18 yaş arası yeniyetmələrin viruslu hepatit xəstəlikləri barəsində məlumatlandırılması, zamanında sağlam davranış qaydalarının formalaşmasına xidmət edir.

Önləyici profilaktik tədbirlərin keçirilməsi və müvafiq maarifləndirmənin aparılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Təşkilatımız məhz bu mövqedən yanaşaraq viruslu hepatitlərlə mübarizədə Ümumdünya Səhiyyə Assambleyasının “Qlobal Strategiya” proqramına və dövlətimizin sosial yönümlü siyasətinə dəstək olaraq vətəndaş cəmiyyəti təşəbbüslərinin gücləndirilməsi məqsədilə adı çəkilən layihəni icra edir.”

Layihə çərçivəsində “Viruslu hepatitlər haqqında” elektron təqdimat hazırlanıb. Layihə rəhbəri Ziba Nəbiyeva təqdimat vasitəsilə yeniyetmə oğlanlara hepatit nədir, viruslu hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verib. Məlumatların yadda qalımlı olması üçün maarifləndirici materiallar müxtəlif şəkillər və animasiya çarxları vasitəsilə də təqdim olunub.

İnteraktiv şəkildə aparılan tədbirdə həkim, qastroenteroloq-hepatoloq Rəşad Həsənov və Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının üzvü, həkim funksionalist, Samirə Muxtarova tədbir iştirakçılarının suallarını cavablandırıblar. Mövzuyla bağlı çıxış edən həkimlər, viruslu hepatitlərlə yanaşı gedən digər yoluxucu xəstəliklər və koinfeksiyalar, zərərli vərdişlərin xəstəliklərin gedişatına və ümumilikdə, orqanizmə mənfi təsiri haqqında məlumat veriblər.

Tədbirin sonunda yeniyetmələrə mövzuyla bağlı çap materialları (flayerlər) paylanıb və xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan  0.7mx1m ölçüdə divar lövhəsi Penitensiar Xidmətin yeniyetmələr üçün tərbiyə müəssisəsinə təqdim olunub. Həmçinin, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB tərəfindən layihəyə töhfə olaraq alınmış ağız gigiyenası üçün vasitələr yeniyetmələrə hədiyyə olunub.

Tədbirdə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin baş inspektoru, tibb xidməti mayoru Elnur Məmmədov , Penitensiar xidmətin yeniyetmələr üçün tərbiyə müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Aydın Nəzərov, nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə mayoru Əli Əliyev, tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru, ədliyyə kapitanı Nigar Əskərova, tibbi sanitar hissənin rəisi, tibb xidməti mayoru Zaur Mirzəyev,  digər məsul işçilər və 40 nəfər yeniyetmə məhkum iştirak edib.

Ümumilikdə, 4 ayı əhatə edən layihə dövründə keçirilən tədbirlər çərçivəsində qadın və kişilər üçün cəzaçəkmə müəssisələrində 400 nəfərdən çox məhbus viruslu hepatit xəstəliyi barədə məlumatlandırılıb. Cəzaçəkmə müəssisələrinə maarifləndirmənin davamlığını təmin etmək və əhatə dairəsini genişləndirmək məqsədilə xüsusi dizaynla hazırlanmış məlumatlandırıcı stendlər və 1000 ədəd çap materialları (flayerlər) verilib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin