Baş pediatr: Uşaqlar arasında ölüm halları ötən əsrin sonlarına nisbətən 3 dəfə azalıb

0
40

Uşaqlar arasında ölüm halları ötən əsrin 90-cı illərinə nisbətən 3 dəfə azalıb. Lakin bu nəticə ilə kifayətlənmək olmaz. Biz çalışırıq ki, uşaq ölümlərinin statistikası dünyanın ən inkişaf etmiş ölkələrinin nəticələrinə yaxınlaşsın. Bu məqsədlə ana və uşaqların sağlamlığı üçün tədbirlər həyata keçiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində K.Y.Fərəcova adına Elmi -Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib.

Baş pediatr qeyd edib ki, nazirliyin təşkil etdiyi komissiya uşaq tibb müəssisələrində, doğum evlərində, poliklinikalarda uşaqların düzgün qidalanmasını yoxlamaq məqsədilə monitorinqlər keçirir: “2003-cü ildə Azərbaycanda “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Qanun qəbul edilib. Həmin qanunun məqsədi dünyaya gələn uşaqların ən azı 95-98 faizinin ana südü ilə qidalanmasını təmin etməkdir. Uşaqlara süni qidanın verilməsi üçün tibbi göstəriş olmalıdır. Aparılan tədqiqatlara görə, dünyaya övlad gətirən hər 100 anadan 98-i körpəsini ana südü ilə qidalandırmağa qadirdir. Təəssüf ki, bəzi hallarda heç bir əsas olmadan körpələrə süni qida verilməsinin şahidi oluruq. Analarla yanaşı, bəzən həkimlərin də belə nöqsanları ilə qarşılaşırıq. Keçirilən monitorinqlərin səbəbi də məhz belə çatışmazlıqları aşkarlayıb aradan qaldırmaqdır”.

N.Quliyev, həmçinin çimərlik mövsümünün başlanması ilə əlaqədar uşaqlarını çimərliklərə aparmaq istəyən valideynlərə öz tövsiyələrini verib: “Günəş şüaları uşaqların sağlamlığı üçün müstəsna əhəmiyyət kəsb edir. Lakin bunun üçün müəyyən qaydalara riayət etmək lazımdır. İlk növbədə uşaqları istidən, Günəş şüalarından və soyuqdəymədən qorumaq lazımdır. Dövlət tərəfindən icazə verilən çimərliklərə getmək lazımdır. Əks halda uşaqların sağlamlığı təhlükə altında ola bilər. Çünki çimmək qadağan olunan çimərliklərdə tullantıların olması ilə yanaşı, dəniz suyunun çirklənmə səviyyəsi də yüksəkdir. Belə hallarda uşaqlar arasında xəstəliklər yayıla bilər.

Bundan əlavə, çimərlik mövsümündə vaxta və rejimə diqqət olunmalıdır. Uşaqları dənizə səhər saat 6-dan 11-ə qədər və saat 16-dan sonra aparmaq lazımdır. Çimərliklərdə mütləq uşaqlara nəzarət olunmalıdır. Onu da qeyd edim ki, çimərliyə çox gedən uşaqlar qış mövsümündə daha az xəstələnirlər”.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin