DST: münaqişə zonalarında psixi xəstəliklər düşünüldüyündən daha ciddi problemlər yaradır

0
21

Münaqişə zonasında yaşayan hər beş nəfərdən biri psixi pozğunluğun bu və ya digər növündən əziyyət çəkir. Hərbi döyüşlərin getdiyi ərazilərin əhalisinin 22 faizində depressiya, həyəcan, posttravmatik stress pozğunluğu, biopolyar pozğunluq və ya şizofreniya əlamətləri müşahidə olunur. Belə ki, münaqişələrdən əziyyət çəkən əhalinin 9 faizində psixi xəstəliklərin orta və ağır forması müəyyən edilir.

AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının saytına istinadla xəbər verir ki, dünyanın bir sıra universitetlərinin həkim-mütəxəssisləri Dünya Səhiyyə Təşkilatının (DST) iştirakı ilə aparılan layihə çərçivəsində bu qənaətə gəliblər.

Onlar “The Lancet” tibb jurnalında 1980-2017-ci illərdə dərc olunan 129 tədqiqatın göstəricilərini ətraflı öyrəniblər. Alınan nəticələr göstərir ki, vəziyyət əvvəl ehtimal edildiyindən daha mürəkkəbdir: münaqişə zonalarında yaşayan insanların 5 faizi psixi pozğunluğun ağır formasından, daha 13 faizi yüngül formasından əziyyət çəkir. Qeyd olunur ki, münaqişə şəraitində qadınlar psixi xəstəliklərə kişilərə nisbətən daha çox meyillidirlər. Bununla yanaşı, cinsindən asılı olmayaraq, insan yaşlandıqca psixi pozğunluğun inkişaf riski də artır.

Mütəxəssislər əmindirlər ki, onların tədqiqatı ən dəqiq məlumatları əks etdirir: onlar təxminən 40 il ərzində – 1980-ci ildən 2017-ci ilin avqustunadək 39 ölkəyə aid dərc olunan məlumatlardan istifadə ediblər. Tədqiqata son 10 ildə münaqişələrin sakitləşmədiyi bölgələrdən məlumatlar daxil edilib. Bu ölkələrə Əfqanıstan, İraq, Yəmən, Nigeriya, Somali, Suriya və Cənubi Sudan aiddir. 2016-cı ildə münaqişə zonalarının sayı maksimuma çatıb. Belə ki, 37 ölkədə eyni vaxtda 53 gərginlik ocağı olub, həmin münaqişə zonalarında Yer kürəsi əhalisinin 12 faizi yaşayıb. Bundan başqa, 69 milyon insan ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Bu, müharibədən sonrakı bütün dövr ərzində ən yüksək göstəricidir.

Tədqiqatlarda DST-nin, Avstraliyanın Kvinslend Universitetinin, Vaşinqton Universitetinin, həmçinin Harvard Universitetinin mütəxəssisləri iştirak ediblər.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin