Terapevt-pulmonoloqla müsahibə: Həyat nəfəslə başlayır

0
70

Oxu.Az terapevt-pulmonoloq Coşqun Məmmədli ilə müsahibəni təqdim edir:

– Salam, Coşqun həkim, özünüzlə bağlı oxucularımıza qısa məlumat verməyinizi xahiş edirik.

– Coşqun Məmmədli, terapevt- pulmanoloq. 2000-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin (ATU) müalicə və profilaktika fakultəsini bitirmişəm. 19 ildir ki, terapevt-pulmonoloq kimi fəaliyyət göstərirəm.

– Nə üçün bu ixtisas sahəsində fəaliyyət göstərirsiniz? Bu sahəni maraqlı edən nədir?

– “Həyat nəfəslə başlayır” deyə bir söz var. Bu cəhətdən həyatın kefiyyətində ağciyərlərin rolu müstəsnadır. Ağciyərlərin fəaliyyəti insanın bütün orqanlarının fəaliyyətinin əsasını təşkil edir. İxtisasımı buna görə sevirəm.

– Tütün və tütün tərkibli məhsulların istifadəçiləri ölkəmizdə durmadan artır. Bir çoxları siqareti tərgitmənin mümkün olmadığını və hətta tərgitmənin müəyyən fəsadları olduğunu söyləyirlər. Bu barədə nə deyə bilərsiniz?

– Tütün və tütün məhsulları sağlamlığın, birinci növbədə isə ağciyərlərin ən böyük düşmənidir. 1 siqaretin tərkibində 4000 kimyəvi maddə, 1000 zəhər, 10 xərçəng törədən maddə var.

Ölkəmizdə son zamanlar xüsusi ilə xanımlar və azyaşlılar arasında siqaret istifadəsi təəssüf ki, artıb. Gündə 1 qutu siqaret çəkən insanın ağciyər xərçənginə tutulma ehtimalı
çəkməyənlərə nisbətdə 20 dəfə artıqdır. Bu məlumat siqaretin təhlükəliliyi haqda yetərlidir. Məncə, uzun müddət sigaret çəkənin birdən-birə tərgitməsində yan təsirlər var. Amma mərhələli tərgitmək mümkündür. Heç şübhəsiz insan iradəsi burada müstəsna rola malikdir.

– Son zamanlar Veypinq və elektron siqaret kimi alternativ vərdişlər populyarlaşmaqdadır. Bu vərdişlərin sağlamlığa təsiri barədə nə deyə bilərsiniz?

– Elektron siqaretlər tütün məhsullarının 6 formasından biridir. Burada doza məsələsi çox vacibdir. Normal siqaretlərdə 1-4 mq tütün olursa, elektron siqaretlərdə 12 mq-a qədər tütün ola bilir. Elektron siqaretlərdə dadlandırıcı maddələrin istifadəsi də mümkündür. Elektron siqaretlər tütünə bağlılığı azaltmaq, yəni siqareti tərgitmək üçün istifadə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərin insanların siqaretdən uzaqlaşmaqda faydalı olduğunu deyir. Lakin nikotinin zərərlərində heç bir azalma olmadığını və əksinə siqaret qədər, yüksək dozalarda isə siqaretdən daha çox zərər vurduğunu deyir. Başqa bir məlumatda isə tərkibindəki qliserin və ağır metal duzlarının insan səhhəti üçün çox ziyanlı təsirlər yaratdığı bildirilir. Bu səbəbdən, ÜST elektron siqaretlərin siqareti tərgitmək üçün bir vasitə olaraq təbliğat və təşviqatı barədə qadağalar müəyyən edib. Siqareti tərgitmək üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənən metodlardan istifadə edilməlidir.

– Son zamanlar xəstələriniz arasında hansı növ ağciyər və nəfəs yolları xəstəliklərinin artımını müşahidə edirsiniz və səbəbləri nələrdir?

– Profilim ağciyərlər olduğu üçün deyə bilərəm ki, hava kirliliyi ilə bağlı olaraq bronxial astma və xroniki bronxitli xəstələrin artması müşahidə edilir. Buna səbəb tikinti sahələrinin, qapalı məkanlarda tütün dumanın, mövsümi bitki tozları miqdarının və xüsusilə də avtomobillərdən çıxan qazların artımıdır.

– Siz avtomobilin zərərli olduğunu xüsusi qeyd edirsiniz. Axı müasir həyatı avtomobilsiz təsəvvür etmək mümkün deyil. Sizin fikrinizcə, avtomobil sağlamlığa nə qədər zərər vurur?

– Bu faktorların içərisində avtomobillərin, xüsusilə köhnəlmiş avtomobillərin rolu müstəsna dərəcədə çoxdur. Əvvəlcə nəzərə almalısınız ki, köhnəlmiş avtomobillərin sayı çoxdur, hər gün daha da çoxalır və onlar davamlı fəaliyyət göstərirlər. Mətbuatdan oxuduğuma görə, Azərbaycanda avtomobil sayı 1 milyondan artıqdır və onların yarısından çoxunun yaşı 20 ildən artıqdır. Təsəvvür edin ki, keçən əsrin 60-cı illərinin texnologiyası ilə istehsal olunmuş 100 minlərlə avtomobil hələ də ölkəmizdə sürülməkdədir. Çox təəssüf ki, ölkə avtoparkının əksər hissəsi Bakı şəhərində toplanıb. Bu isə paytaxtda olan hava kirliliyi səviyyəsi barədə təsəvvürün yaranması üçün kifayətdir.

Köhnəlmiş avtomobillərin fəaliyyəti havanın çirklərməsinə və bronxial xəstəlikərin artmasına gətirib çıxarır. Çirklənmiş hava bronxların qıcıqlanmasını artırır, ağciyərlərin elastikliyini (tam açılmasını) azaldır və zərərli maddələr ağciyərlərdə toplanaraq çöküntü əmələ gətirirlər.

Bunun nəticəsi olaraq, insanlarda davamlı öskürək və boğulmalar (tənginəfəslik) müşahidə olunur. Deyilənlər daha sonra isə ürək çatışmazlığına gətirib çıxarır. Havada avtomobil qazlarının artması xroniki qan azlığının yaranmasının başlıca səbəblərindəndir. Köhnəlmiş avtomobillər insanların səhhəti üçün kifayət qədər təhlükəlidir. Heç təsadüfi deyil ki, London, Ştutqart, Paris, Barselona və Münxen kimi əksər Avropa meqapolislərində yeni ekoloji normalara cavab verməyən avtomobillərin şəhər mərkəzlərinə girişi məhdudlaşdırılıb. Ümumiyyətlə isə Avropa ölkələri yeni normalara cavab verməyən köhnə avtomobilləri planlı şəkildə sıxışdırıb çıxarırlar.

– Sağlamlıq üçün profilaktik tədbirlər çox vacibdir. Ağciyər xəstəliklərinin profilaktikası üçün oxucularımıza hansı tədbirləri görməyi məsləhət görürsünüz?

– Bu fərdi profilaktika ilə tam həll ediləcək mövzu deyil. Bu mövzuda əlaqəli qurumlar və vətəndaşların birgə həssas yanaşması çox vacibdir. Aidiyyatı qurumlar aparılan tikintilərin hava kirliliyini artırmaması üçün tədbirləri gücləndirməlidirlər. Hava kirliliyinin əsas səbəbkarı olan köhnə avtomobillərlə bağlı isə kompleks tədbirlərə ehtiyac var. Bu avtomobillərin ölkəyə gəlməsinin və istismarının qarşısı alınmalıdır. Ölkədəki köhnə avtoparkın yenisi ilə əvəz olunması üçün tədbirlər görülməlidir.

Fərdi qaydada isə insanlar açıq havada daha çox vaxt keçirməlidirlər və unutmamalıdırlar ki, həyat nəfəslə başlayır.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin