Bakıda V Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirilir

0
96

Bakıda Milli Onkologiya Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Alman Tibbi Əməkdaşlıq Cəmiyyəti və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti tərəfindən onkologiya, qastroenterologiya, cərrahiyyə, radiologiya, ginekologiya, intensiv terapiya və tibbin bir sıra digər sahələrinin aktual problemlərinə həsr olunmuş beynəlxalq səviyyəli V Azərbaycan-Alman-Türk Tibb Konqresi və V Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçirilir.

AZƏRTAC xəbər verir ki, konqresdə referent qismində Almaniya, Türkiyə, İsveçrə, Avstriya və Ukraynanın tanınmış universitet klinikalarında çalışan 20-dən çox mütəxəssis tərəfindən oxunulacaq mühazirələrlə yanaşı həm də interaktiv diskussiyalar, ağır kliniki halların müzakirəsi aparılır.

Tədbirdə çıxış edən Elmi Cərrahiyyə Mərkəzinin elmi katibi, professor Qurbanxan Müslümov bildirib ki, konqres Avropa Davamlı Tibb Təhsili İnstitutları və Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 30 CME balı ilə qiymətləndirilib. Diqqətə çatdırılıb ki, konqreslə yanaşı laparoskopik və açıq cərrahiyyə, ginekologiya, endoskopiya, radiologiyaya həsr olunmuş təqribən 300 nəfərə qədər iştirakçının cəlb ediləcəyi V Bakı Beynəlxalq Tibbi Treninq Günləri də keçirilir. Treninqlər Avropada Davamlı Tibb Təhsili və Mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir tədris proqramları və treninq protokolları əsasında mulyajlardan və xüsusi simulyatorlardan istifadə edilməklə canlı heyvan orqanları üzərində aparılacaq. Konqres və treninqlərdə referent, moderator və trener qismində Avropanın universitet klinikalarında çalışan və beynəlxalq trener statusu olan professorlarla yanaşı, azərbaycanlı mütəxəssislər də iştirak edir və xarici həmkarları ilə bilik, təcrübə mübadiləsi aparırlar.

Konqres və treninqlərlə yanaşı Milli Onkologiya Mərkəzi, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, ET Mamalıq və Ginekologiya İnstitutu və bir sıra digər klinikalarda ginekologiya, radiologiya və endoskopiya sahələri üzrə ustad dərslərinin keçirilməsi də planlaşdırılır.

Konqres mayın 5-də öz işinə yekun vuracaq.

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin