NARKOTİK VƏ PSİXATROP DƏRMANLAR

0
1275

Son zamanlar kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə narkotik, psixatrop və güclü təsir edən dərman vasitələrinin qanunsuz şəkildə satıldığı barədə məlumatlar yayılır. Əczaçı kimi bu kimi halları izləyir və apteklərin belə bir iyrənc işə vasitə edilməyindən təəssüf edirəm. İllərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, əczaçıların çoxu bu dərmanların zərərinin, təsir mexanizminin, aptekdə saxlanma və aptekdən buraxılma qaydaların tam olaraq bilmirlər.

Narkotik, Psixotrop və sedativ dərmanlar insanın mərkəzi sinir sisteminə təsir edir, uzun müddət istifadə olunduqda isə psixoloji və ya fiziki asılılıq yaradır. Tibbdə bu kimi dərman vasitələri beyin fəaliyyətini yavaşlatmaqla psixi problemlərin həllində, həyəcanı azaltmaq, qorxu və narahatlığı aradan qaldırmaq, ağrıkəsici və anastetik kimi istifadə olunur.

Bu preparatları özbaşına və ya başqasının tövsiyyəsiylə qəbul etmək olmaz. Həkim təyinatı olmadan apteklərdən satışı qadağandır. Əczaçılar bu kimi preparatların apteklərdən satışına icazə verən kriteriyaları dəqiq bilməlidirlər. Belə ki, həkim tərəfindən təyin olunan narkotik tərkibli dərmanlar çəhrayı rəngli xüsusi reseptlərdə yazılır və reseptdə bir ədəd belə preparatın təyinatına icazə verilir. Reseptdə həkimin imzası, möhürü, tibb müəssisəsinin möhürü, reseptin nömrəsi və yazılma tarixi, dozası aydın şəkildə qeyd olunmalıdır. Bu dərmanların uçotu dəqiq aparılmalıdır və bu reseptlər və ya onların surəti aptekdə bir il müddətində saxlanmalıdır.

Həmçinin psixotrop və sedativ preparatlar da təyin olunarkən reseptdə bir dərman vasitəsi yazılmalı, adı və dozası aydın görülməli, tibb müəssisəsi və həkimin möhürü, imzası olmalıdır. Bu reseptlər 15 gün ərzində etibarlı olur. Göstərilənlərdən biri əksik olarsa, dərman aptekdən buraxılmamalı və əczaçı həkimlə əlaqə saxlayaraq vəziyyəti ona bildirməlidir. Həkim təkrar resept yazmalıdır. Bu kimi hallarda pasientlər anlayışlı davranmalı və bilməlidir ki, əczaçı öz vəzifə borcun yerinə yetiri ki, bu da ümumilikdə hər kəsin xeyrinədir. Belə reseptlər və ya surətləri 3 gün aptekdə saxlanılmalıdır.

Səhiyyə Nazirliyinin 2001 və 2003-cü illərdə verdiyi əmrlə narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının siyahısı hazırlanıb. Bu preparatların dövriyyəsinə nəzarəti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi həyata keçirir. Bu qurumun internet saytında (http://pharma.az/) siyahını tam şəkildə görmək olar. Əczaçılar və həkimlər saytdakı yenilik və dəyişiklikləri daima izləməlidirlər. Əks halda məsuliyyətə cəlb olunmaları qaçınılmazdır.

Azər  Baxşaliyev

Əczaçı ekspert

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin