Talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün diş ətindən biopsiya götürələcək.

Bu yeniliyə ATU-nun Histologiya və Stomatologiya kafedralarının mütəxəssisləri nail olublar. Mütəxəssislər talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsini diş ətindən götürülmüş biopsiya ilə tədqiqin mümkünlüyünü müəyyən ediblər.

Bu haqda Azərbaycan Tibb Universitetinin (ATU) “Histologiya” kafedrasının müdiri, professor E. Qasımov bildirib.

Talassemiya xəstəliyi haqqında məlumat verən professor bunun irsi xəstəlik olduğunu və oksigeni bədənin bütün hissələrinə çatdıran hemoqlobin zülalının sintezinin pozulması nəticəsində baş verdiyini bildirib. Belə xəstələrdə qan azlığı olduğundan onlara bəzən ilk yaşlarındən başlayaraq qan köçürülür. Nəticədə onların bədənində ağır fəsadlara səbəb olan dəmir toplanması müşahidə oluna bilər.

Bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün bütün dünyada əksərən qaraciyərdən, bəzən isə ürəkdən kiçik ölçülü tikələr (biopsiya üsulu ilə) götürülüb tədqiq olunurlar. Qaraciyərdən və ürəkdən tikələrin götürülməsi xeyli mürəkkəb proses olmaqla yanaşı, xəstələrin həyatı üçün də əlavə problemlər yarada bilir. ATU-nun mütəxəssisləri artıq bu bunu daha problemsiz üsulla müəyənləşdirməyə nail olublar.

Bədəndə olan dəmirin artığı normada ferritin adlanan zülalın tərkibinə daxil edildiyindən, onun toksiki təsiri aradan qaldırılır:

“Orqanizmdə dəmir azlığı olanda isə ferritinin tərkibində olan dəmir ionları xaric edilərək istifadə olunurlar. Ancaq dəmirin miqdarı lap çox olanda ferritin molekulları öz quruluşlarını itirərək bir-birləri ilə birləşib hemosiderinə çevrilirlər. Tam olaraq dəqiqləşdirilib ki, ferritin molekullarını ancaq elektron mikroskopunun 100000 və ondan böyük böyüdücülərində aşkar etmək mümkündür. Əldə olunmuş materiallar birmənalı olaraq, oqranizmin dəmirlə yüklənmə dərəcəsinin ancaq elektron mikroskopik tədqiqatların nəticələrinə əsasən dəqiqləşdirilə biləcəyini göstərir”- deyə professor vurğulayıb.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Cavab yaz

Zəhmət olmasa şərhinizi daxil edin
Zəhmət olmasa adınızı daxil edin